Riqada Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Latviyanın paytaxtı Riqada start götürəcək güləş üzrə Avropa çempionatı ərəfəsində - martın 7-də Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib. Konfransda Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Rəşad Əlizadə, vitse-prezidenti Maqomed Aliomarov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Yaşar Rzayev iştirak ediblər.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, mötəbər turnirə ev sahibliyi edən ölkəyə minnətdarlığını çatdırıb.
Latviya Güləş Federasiyasının prezidenti Dzintars Urbançiks belə bir yarışın keçirilməsinin ölkəsinə həvalə olunmasına görə təşəkkür edib və hazırlıq işlərindən danışıb.
Sonra Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç videobağlantı vasitəsilə konfrans iştirakçılarına və idmançılara uğurlar arzulayıb.
Tədbirdə Bakıda keçirilən ilk Avropa Oyunları zamanı keçirilən konfransda qəbul olunan protokol, Avropada güləşin inkişafı proqramı çərçivəsində 2015-ci ildə görülən işlərin nəticəsi və büdcə hesabatı müzakirə olunaraq təsdiqlənib. Həmçinin Dünya Güləş Birliyi Avropa Şurasının 2013-2016-cı illərdə güləşin inkişafı proqramının icrası barədə müzakirələr aparılıb, 2016-cı ilin büdcəsi təsdiq edilib və 2016-2017-ci ilin təqvim planı müzakirə olunub.