Riqada “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin birinci media konfransı keçirilir
Riqa, 20 may, Pərvanə Rəhimova, AZƏRTAC
Riqada “Şərq Tərəfdaşlığı” (TŞ) Proqramının üzvü olan ölkələrin birinci media konfransı keçirilir. Konfransda 350-dən çox nümayəndə, o cümlədən istər TŞ ölkələrindən - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan, istərsə də Avropa İttifaqı ölkələrindən KİV-lər sahəsində ekspertlər, siyasətçilər, alimlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində üç sessiya keçiriləcək. Birinci sessiyada TŞ ölkələrində media-mühitin, o cümlədən hüquqi, tənzimləyici və siyasi mühitin problemləri və KİV-lərin dürüstlüyü məsələləri təhlil edilib.
Mayın 19-da konfrans çərçivəsində keçirilən xüsusi tədbirdə Avropa Demokratiyaya Dəstək Fondu (ADDF) TŞ regionunda və onun hüdudlarından kənarda rusdilli kütləvi informasiya vasitələrinin vəziyyətinin ilkin icmalını təqdim edib. ADDF-nin icraçı direktoru Yeji Pomyanovski , araşdırma redaktoru Con Oloun, hesabat müəlliflərindən biri Piter Pomerantsev KİV-lərə dəstək göstərən donorların səylərini daha sıx əlaqələndirməyə çağırıblar.
Diskussiya iştirakçıları regionda rusdilli KİV-lərin dəstəklənməsinə və möhkəmlənməsinə yeni yanaşmaların zəruri olduğunu vurğulayıblar.
Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində bu ölkənin Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti ilə əməkdaşlıq şəraitində təşkil etdiyi TŞ ölkələrinin birinci media konfransında media azadlığı sahəsində problemləri, KİV-lərin keyfiyyətinin yüksəldilməsinə və TŞ regionunda media-mühitin yaxşılaşmasına şərait yaratmaq yollarını müzakirə etmək planlaşdırılır.