Riyaziyyatçı alimlərin məqaləsi impakt faktorlu elmi jurnalda dərc olunub
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və elmi müəssisənin əməkdaşı Məlik Saminin həmmüəllifi olduqları məqalə “Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Dynamical and Control Systems” (https://link.springer.com/journal/10883) 0.693 impakt faktorlu elmi jurnalda dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “İdarəedicidə gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri” (https://link.springer.com/article/10.1007/s10883-017-9394-3) adlı məqalədə yeni metodun tətbiqi əsasında Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipinə nail olunub. Eyni zamanda, funksionalın ikinci variasiyasına əsaslanaraq kvaziməxsusi idarəedicilərin optimallığı üçün ikinci tərtib zəruri şərtlər əldə edilib. Alınmış nəticələrin və tətbiq edilmiş metodun dəyərini göstərmək üçün misallar verilib.
“Journal of Dynamical and Control Systems” jurnalı ABŞ-ın “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı “Kontrol və optimizasiya” sahəsi üzrə dünyada 25 ən nüfuzlu elmi nəşrlər siyahısındadır.