Rizvan Fərzəliyev: Məqsədə çatmaq üçün Avropa çempionatına qələbə ilə başlamalıyıq
Bakı, 20 oktyabr, AZƏRTAC
Hər 3 komanda bizə tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm.
AZƏRTAC xəbər verir ki, bunu futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək və D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq millimizin şansları barədə danışarkən yığmamızın kapitanı Rizvan Fərzəliyev deyib.
Futzalçı deyib: “İlk oyunda qarşılaşacağımız Gürcüstan millisini xüsusi qeyd etmək istəyirəm. Bu komanda son illərdə yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar. Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir”.
Millimizin kapitanı qeyd edib ki, İspaniya yığmasına gəldikdə, onların gücü də, məqsədi də, hədəfi də ortadadır. Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir. Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir. Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar. Mundialda da pis təsir bağışlamadılar.
“Qrupda son oyunumuzu Bosniya və Herseqovina millisinə qarşı keçirəcəyik. Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən dörddəbir finala yüksələk”, - deyə R.Fərzəliyev əlavə edib.
Avropa çempionatının final mərhələsində 6-cı dəfə iştirak edəcəklərini bildirən kapitan bildirib: “Qrupumuzda yer alan komandalardan İspaniyadan sonra bu göstəricidə ən təcrübəlisi biz hesab olunuruq. Gürcüstan və Bosniya və Herseqovina debütantdır. Amma bu, işimizi asanlaşdırmayacaq. Üstəlik, bu qitə birinciliyi yeni formatda keçiriləcək. Bu dəfə qruplarda 4 komanda yer alır. Hər oyunun nəticəsi əhəmiyyətli olacaq. Məqsədə çatmaq üçün yarışa qələbə ilə başlamalıyıq. Əvvəl qrupda 3 komanda yer alırdı. Onda əsasən bir komanda ilə mübarizə aparırdıq. Hətta 1 xalla belə mərhələ adlamaq mümkün idi. İndi belə olmayacaq. Rəqabət artıb. İşimiz çətin olacaq, amma təcrübəmizdən yararlanacağıq. Qrup mərhələsini adlamaq üçün gücümüzü səfərbər edəcəyik”.
Qeyd edək ki, millimiz mübarizəyə yanvarın 22-də start verəcək. Yığmamızın ilk rəqibi Gürcüstan seçməsi olacaq. Futzalçılarımız yanvarın 26-da İspaniya, üç gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcəklər. Millimizin oyunları Niderlandın Qroningen şəhərində keçiriləcək.