ROSTROPOVİÇLƏRİN TALEYİNİ DƏYİŞDİRMİŞ “BİR MƏKTUBUN TARİXÇƏSİ”
Ev-muzeyinin direktoru Şeyla xanım Heydərova bildirdi ki, bu məktub Rostropoviçlər ailəsinin taleyini dəyişdirmişdir. Mstislav Rostropoviç Aleksandr Soljenitsının hüquqlarının müdafiəsi üçün Sovet İttifaqının dörd aparıcı qəzetinə açıq məktubla müraciət etmişdi. Nəticədə, 1974-cü ilin mayında Rostropoviçlərin ailəsi ölkədən xaric olunmuşdu (əvvəlcə bunun 2 il müddətinə olduğunu bildirdilər, sonra isə vətəndaşlıqdan, habelə bütün adlardan, mükafat, orden və medallardan məhrum etdilər).
Ev-muzeyində düzəldilən ekspozisiyada onun mətbuata həmin məktubu, nadir fotoşəkillər, eləcə də A.Soljenitsınla çəkilmiş fotoşəkil, o dövrün qəzet məqalələri, insan hüquqlarının müdafiəsinə görə M.Rostropoviçin aldığı mükafatlar, insan azadlıqları və hüquqlarının müdafiəsi uğrunda mübarizəyə görə Beynəlxalq Liqanın 1974-cü ildə verdiyi ali mükafat, Andrey Saxarovun Beynəlxalq Xatirə Konqresinin 1991-ci ildə təltif etdiyi medal və bəraət aldıqdan sonra 1991-ci ildə layiq görüldüyü “Azad Rusiyanın müdafiəçisi” medalı nümayiş etdirilir.
Gecədə M.Rostropoviçin 1974-cü ilin mayında SSRİ-dən köçməzdən əvvəl vida gecəsində dirijorluq etdiyi Pyotr Çaykovskinin 6-cı simfoniyası səsləndi. Bu simfoniyanı ABŞ milli simfonik orkestri Rostropoviçin vətəndaşlığı bərpa olunub vətənə qayıtdıqdan sonra onun dirijorluğu ilə Qızıl meydanda ifa etmişdir.