İQTİSADİYYAT
Rövnəq Abdullayev: SOCAR-ın Misirdəki zavodlarda iştirakı müzakirə olunub
Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC
Misirin neft zavodlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı, həmçinin emal prosesində iştirak barədə məsələlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Misirdə keçirdiyi görüşləri şərh edərkən deyib. O bildirib: “Noyabrın 9-da Misirin Baş naziri, neft naziri və bu ölkənin neft şirkətinin prezidenti ilə görüşlər keçirdik. Biz əsasən Misirdə gələcək inkişafla bağlı müzakirələr apardıq. Misir böyük bazardır və biz bir neçə ildir ki Misiri böyük miqdarda xam neft və neft məhsulları ilə təmin edirik. Artıq bu ölkə 1 milyon tondan çox neft məhsulu ilə təmin olunub. Treyder əlaqələri artıb və bu işlər geniş miqyasa yayılıb”.