SİYASƏT
Rövşən Rzayev: İnanırıq ki, tezliklə Şuşada da bərpa işlərinə başlayacağıq
Strasburq, 26 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bütün xalqımızı fərəhləndirən bir hadisədir. Bu, qarşımızdakı böyük bir yolun başlanğıcıdır.
Bu fikirləri Strasburqda AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev söyləyib.
Dövlətimizin başçısının bu Sərəncamını tariximizin şanlı səhifəsi olan aprel döyüşlərinin uğurlu nəticəsi kimi dəyərləndirən deputat həmin döyüşlər zamanı Azərbaycan Ordusunun böyük qələbə qazandığını, hərbçilərimizin qəhrəmanlıq göstərdiyini vurğulayıb. R.Rzayev qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə aparan yolun başlanğıcıdır. “İnanırıq ki, Cocuq mərcanlılılarla yanaşı, bütün cəbrayıllılar tezliklə doğma torpaqlarına qayıdaraq soyuq evlərini yenidən qızdıracaqlar. Cocuq Mərcanlıdakı kimi, tezliklə Şuşada da bərpa işlərinə başlayacağıq”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bütün xalqımızın gözlədiyi bir Sərəncama imza atıb. Bu, uğurlarımızın başlanğıcından xəbər verir və əminik ki, Prezident tezliklə bir çox belə sərəncamlar verəcək. Azərbaycan Prezidentinin ətrafında sıx birləşməklə biz bütün problemlərimizi həll edəcəyik.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq