RTR-PLANETA TELEKANALINDA BAKI VƏ BAKILILAR HAQQINDA SƏMİMİ SÖHBƏT
...Müslüm 1941-ci ildə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin oğlunun ailəsində doğulmuşdur. Gələcək müğənninin atası Məhəmməd Maqomayev oğlunun dünyaya gəlməsini görmədən cəbhəyə getdi. Müharibənin odundan-alovundan keçən döyüşçü Qələbəyə cəmi 9 gün qalmış həlak oldu. Aktrisa olan anası başqa şəhərdə yaşayıb işləyirdi. O, tezliklə yeni ailə qurdu. Müslüm əmisi Camaləddinin yanında tərbiyə olundu. Əmisi artistlik qabiliyyəti hələ erkən uşaqlıq çağlarında özünü büruzə vermiş qardaşı oğlunun müsiqi təhsili almasının qayğısına qaldı.
...İstedadlı uşağın təhsil aldığı Konservatoriya nəzdindəki müsiqi məktəbinin müəllimləri tez-tez xorun ifasını dayandırır, heyranlıqla yalnız balaca Müslümü dinləyirdilər...
...Müslüm artıq 15 yaşında səhnədə çıxış edirdi, 20 yaşında isə qeyri-adi populyarlıq qazanmışdı...
...Verilişdə musiqisevərlərə Müslüm Maqomayev kimi istedadı bəxş etmiş, Bakı, habelə onun sakinləri haqqında səmimi söhbət getmişdir. Müslümün dostları, Azərbaycanın tanınmış incəsənət xadimləri, ziyalılar - Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov xatirələrini bölüşmüşlər. Bakıda doğulub boya-başa çatan Rusiyanın əməkdar artisti, estrada müğənnisi İrina Alleqrova şəhərimizdə keçən xoşbəxt uşaqlıq illərini, Müslümlə görüşlərini səmimiyyətlə xatırlamışdır.
Müslümün istedadını həmişə yüksək qiymətləndirən unudulmaz Heydər Əliyevin salondakı çoxsaylı dinləyicilərlə birlikdə sevimli artisti ürəkdən alqışladığını göstərən kinoxronika kadrları heç kəsi biganə qoya bilməzdi...
...Müslüm Maqomayev artıq xeyli vaxtdır səhnəyə çıxmır. Onun anşlaqla keçən konsertləri, qeyri-adi populyarlığı artıq tarixə çevrilmişdir. Son illər Müslüm internetə qurşanmış, pərəstişkarları ilə özünün internet saytı vasitəsilə ünsiyyət saxlayır. Onların arasında isə lap cavan insanlar, yeni nəslin nümayəndələri də var və bu sayt, bir növ, sevimli müğənninin istedadının pərəstişkarlarının klubudur..
...Monitorun ekranında tez-tez bu sözlər görünürdü: “Biz Sizi sevirik, Müslüm Məhəmmədoviç!”...
Bəli, o, bizim hamımızın, bütün Azərbaycanın, ondan kənarda da milyonların sevimlisidir.