Rumıniyanın “Economistul” nəşri: Qara dəniz Avro-Atlantik məkanının yeni strateji platformasına çevrilir
Buxarest, 9 iyul, AZƏRTAC
Rumıniyanın “Economistul” nəşrində dərc olunan analitik məqalədə bildirilir ki, dəyişən geosiyasi reallıqlar fonunda Qara dəniz regionu artıq NATO-nun şərq cinahının müdafiə xətti deyil, Avro-Atlantik məkanının təhlükəsizlik, enerji, logistika və iqtisadi inkişafını birləşdirən strateji platforma kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, məqalədə Rusiyanın Ukraynaya qarşı müharibəsinin Qara dəniz hövzəsinin Avropa və Trans-Atlantik təhlükəsizlik sistemində rolunu əsaslı şəkildə dəyişdiyi vurğulanır. Müəllif hesab edir ki, Rumıniya bundan sonra yalnız NATO-nun şərq cinahında yerləşən dövlət kimi deyil, regionun enerji təhlükəsizliyi, hərbi mobilliyi, nəqliyyat-logistika əlaqələri, müdafiə sənayesi və Ukraynanın bərpasını əlaqələndirən regional mərkəz kimi çıxış etməlidir.
Nəşr qeyd edir ki, Qara dəniz regionunda təhlükəsizlik artıq yalnız hərbi aspektlərlə məhdudlaşmır. Buraya kritik enerji və rəqəmsal infrastrukturun mühafizəsi, dəniz kommunikasiyalarının təhlükəsizliyi, limanların inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi də daxildir. Müəllifə görə, bu istiqamətlər Avropa İttifaqı və NATO-nun gələcək strategiyalarının əsas elementlərinə çevrilir.
Məqalədə Rumıniyanın Konstansa limanının, Dunay çayı vasitəsilə Mərkəzi Avropaya çıxış imkanlarının və ölkənin inkişaf edən enerji infrastrukturunun ona yeni geostrateji üstünlüklər qazandırdığı bildirilir. Xüsusilə Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanı əhatə edən Şaquli Qaz Dəhlizi, eləcə də Qara dənizdə hasil ediləcək təbii qazın Avropa bazarına nəqli regionun enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
“Economistul” yazır ki, Qara dəniz regionunun inkişafı Cənubi Qafqaz və Xəzər hövzəsi ilə əməkdaşlıq perspektivlərini də genişləndirir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Cənub Qaz Dəhlizinin fəaliyyətində və Orta Dəhlizin inkişafında əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir. Müəllif hesab edir ki, Qara dənizdə formalaşan yeni logistika və enerji infrastrukturu Azərbaycanı Avropa bazarları ilə daha sıx əlaqələndirəcək və regionlararası əməkdaşlığı gücləndirəcək.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqının Qara dənizə dair yeni strateji yanaşması da təhlükəsizliklə yanaşı, nəqliyyat, enerji, rəqəmsal bağlantılar və iqtisadi dayanıqlığın gücləndirilməsini prioritet hesab edir. Bu baxımdan Qara dəniz artıq periferiya deyil, Avropa ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən əsas geostrateji məkan kimi dəyərləndirilir.
Nəşrin qənaətinə görə, qarşıdakı illərdə Qara dəniz regionunda həyata keçiriləcək təhlükəsizlik, enerji və nəqliyyat layihələri təkcə Rumıniyanın deyil, həm də Azərbaycan da daxil olmaqla bütün region ölkələrinin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artıracaq.