RUSİYA ƏRƏB DİLİNDƏ TELEKANALA 35 MİLYON DOLLAR YATIRACAQ
Rusiyada ərəb kanalının açılması barədə xəbər hələ fevral ayında yayılmışdı. Qətərin “Əl-Cəzirə” peyk telekanalının Moskva bürosunun keçmiş direktoru Əkrəm Hüzam “Rusiya bu gün”ün ərəb redaksiyasının prodüseri təyin olunmuşdu.
Rusiya telekanalının (RT) ərəb xidmətinin hansı həcmdə proqramlar hazırlayacağı üzun müddət aydın deyildi. Lakin açıqlanan rəqəmlər söhbətin mükəmməl kanaldan getdiyini göstərir. Müqayisə üçün deyək ki, ingillisdilli kanalın yayımı Rusiya büdcəsinə 30 milyon dollara başa gəlmişdir. KİV-lərin məlumatına əsasən, Rusiya hökuməti bu il RT-yə təqribən bir o qədər vəsait yatırmaq niyyətindədir.
Bi-Bi-Si-yə görə, Moskva ümid edir ki, ərəb dilində telekanal ona regionda və dünyada siyasi nüfuzunu gücləndirməyə kömək edəcəkdir. Müşahidəçilərin fikrincə, Rusiya yayımçısı sərt rəqabətlə üzləşəcəkdir. Bölgədə artıq iki xəbər kanalı - Qətərin “Əl-Cəzirə” və Dübayda Səudiyyə Ərəbistanının vəsaiti ilə “Əl-Ərəbiyyə” telekanalları fəaliyyət göstərir. Üstəlik, Bi-Bi-Si də ərəb dilində yayıma başlamaq niyyətindədir.
Ərəb dilində Rusiya telekanalı bu ilin payızında fəaliyyətə başlamalıdır.