RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN BƏYANATI
-Hörmətli İlham Heydər oğlu!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, qonaqpərvər Bakıda keçən bu səmərəli görüş üçün Azərbaycan Prezidentinə və bütün azərbaycanlı dostlara təşəkkür etmək və Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətinə indicə verilən qiymətlərlə tam razılaşdığımı bildirmək istərdim. Biz bütün məsələləri dostcasına, işlərimizin çox yaxşı vəziyyətdə olmasını və gələcək üçün çox əlverişli planlarımız olmasını nəzərə almaqla müzakirə etdik.
Güman edirəm ki, bu ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan gənc ifaçılar festivalı yeni istedadları üzə çıxaracaq və mədəni həyatda gözəl, əlamətdar hadisə olacaqdır.
Biz başqa mövzuları da müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsinin həlli problemindən də yan keçmədik. Bu, mürəkkəb prosesdir və biz imkan daxilində onun irəliləməsinə kömək edəcəyik. Bəzi cüzi irəliləyişlər var. Hər halda, biz iyunun 6-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların bərpa olunmasını tamamilə dəstəkləyirik. Bir daha vurğulayıram ki, Rusiya bu məsələnin qarşılıqlı məqbul həllinin tapılmasına bundan sonra da kömək edəcəkdir.
İlham Heydər oğlunun qeyd etdiyi daha bir məsələ Xəzər mövzusudur. Biz necə işləməli olmağımız barədə, qarşıdakı zirvə toplantısı haqqında danışdıq. Razılaşdıq ki, zirvə toplantısını onun qəti gündəliyi formalaşandan sonra, o cümlədən Xəzərdə təhlükəsizliyə dair saziş məsələlərinə baxılandan sonra keçirmək lazımdır. Bu, ötən il Tehranda qəbul edilmiş qərarlara uyğundur. Başqa sənədlər də hazırlana bilər. Bu halda müvafiq tədbirin, Xəzəryanı dövlətlərin rəhbərlərinin müvafiq görüşünün keçirilməsi də məqbul və zəruri olacaqdır.
Bir daha vurğulamaq istərdim ki, aparılmış danışıqlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, ölkələrimiz, xalqlarımız arasında strateji tərəfdaşlığın və dostluğun möhkəmlənməsində mühüm mərhələ oldu.
İcazə verin, əsl dostluq və işgüzarlıq ruhlu qarşılıqlı fəaliyyətə görə Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirim.
######
![]() |
![]() |

