RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN DİN XADİMLƏRİ İLƏ GÖRÜŞÜ
İyulun 3-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata, Dağ yəhudiləri dini icmasının başçısı Semyon İxiilov ilə görüşmüşdür.
Prezident Dmitri Medvedev din xadimlərini salamlayaraq dedi ki, bu görüş Azərbaycanda konfessiyalararası münasibətlərin müsbət xarakterinin təsdiqidir. Rusiya Prezidenti milliyyətindən və dini etiqadından asılı olmayaraq, insanların birləşməsində dini liderlərin fəaliyyətini yüksək qiymətləndirmişdir. Prezident Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dinlər arasında dialoq və qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılmasına yönəlmiş səylərini vurğulayaraq bildirdi ki, islamın həqiqi təbiəti, hər bir mənəvi təlimin həqiqi təbiəti məhz bunda təzahür edir. O dedi: “Görünür ki, bu, Qafqazda sabitliyin əsas amillərindən biridir”.
Rusiya dövlətinin başçısı bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı beynəlxalq terrorizmə qarşı mübarizə işində dövlətlərarası əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Prezident Dmitri Medvedev vurğulamışdır ki, bu baxımdan konfessiyalararası dialoqun müstəsna əhəmiyyəti vardır. Sülh və xeyirxah münasibətlər tamam başqa nəticələrə gətirib çıxarır və bu baxımdan, Azərbaycanda daxili vəziyyət çox sakit, nümunəvidir, bu sakitliyin qədrini bilmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dedi ki, Azərbaycanda Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsini, onunla sıx əlaqələr yaradılmasını alqışlayırlar. Din xadimləri iki ölkə prezidentlərinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslərini bəyənir və dəstəkləyirlər.
Şeyxülislam Qafqazda sülhün bərqərar olması üçün bir dindar və vətəndaş kimi gördüyü işlər haqqında, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə özünün dostluğu barədə də danışdı. O, xüsusi vurğuladı ki, Azərbaycanda dindarlar arasında çox səmimi qardaşlıq münasibətləri var.
Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata və Dağ yəhudiləri dini icmasının başçısı Semyon İxiilov bildirdilər ki, Azərbaycanda dindarların dini ayinləri icra etmələri üçün hər cür şərait yaradılmışdır, bu ölkədə əsl dini etiqad azadlığı vardır.
######
