RUSİYA PREZİDENTİNİ MÜŞAYİƏT EDƏN TƏYYARƏ MƏCBURƏN YERƏ ENMİŞDİR
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, Nyu-Dehlidən havaya qalxan İL-76 təyyarəsi lokatorun sipərinə quş düşməsi nəticəsində Mumbaidə məcburən yerə enməli olmuşdur. Bunu “Rusiya” Dövlət Nəqliyyat Şirkətinin (DNŞ) nümayəndəsi xəbər vermişdir.
Təyyarədə RF Prezidenti Vladimir Putini Hindistana səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistlər olmuşlar. Təyyarə RF Prezidentinin Hindistanda Dehlidən sonra səfər edəcəyi Banqalora uçurdu.
“Rusiya” DNŞ-nin nümayəndəsi demişdir ki, təyyarə Dehlinin hava limanından Banqalora uçarkən lokatorun sipərinə quş düşmüşdür. Görünür, o, əvvəlcə cüzi zədələnmiş, yüksəkliyə qalxanda isə dağılmağa başlamışdır. Ona görə də təyyarənin komandiri yaxınlıqdakı Mumbai hava limanında yerə enməyi qərara almışdır.
Vladimir Putin Hindistanın böyüklüyünə görə beşinci şəhəri olan Banqalıra gəlmişdir. Bu şəhər həm də ölkənin mühüm sənaye, ticarət, nəqliyyat, habelə aparıcı elmi mərkəzi sayılır.