RUSİYADA ƏCNƏBİLƏRİN ÖLDÜRÜLMƏSİ HALLARI ARTIR
Statistikaya görə, belə cinayətlər ən çox Ukrayna, Azərbaycan və Tacikistan, uzaq xarici ölkələrdən isə Çin, Almaniya, Finlandiya və Vyetnam vətəndaşlarına qarşı törədilir. Əcnəbilərə qarşı dözümsüzlük və nifrət hallarının sayına görə Sankt-Peterburq və Voronej liderdir, sonrakı yerləri Moskva və Rostov tutur. Voronejdə əcnəbilərin təqib edilməsi sanki idmanın kütləvi növünə çevrilmişdir.
Rusiyada əcnəbi tələbələr getdikcə daha çox sağ radikal qruplaşmaların qurbanı olurlar. Bu yaxınlarda Voronejdə 18 yaşlı Peru tələbəsi Anxeles vəhşicəsinə qətlə yetirilmişdir. Oktyabrın 9-da cavan cinayətkarlar Tibb Universitetinin tələbəsinə və üç dostuna basqın etmişlər. Onlardan ikisi ağır yaralarla indiyədək xəstəxanadadır. Ötən il yenə bu şəhərdə Qvineya-Bisaudan olan bir tələbə öldürülmüşdü. Skinhedlər (qırxıqbaşlar) Afrika ölkələri, Çin, Albaniya və Fransadan olan tələbələrə səkkiz dəfə basqın etmişlər. Lakin qeyri-rəsmi rəqəmlər daha böyükdür. Məsələ bundadır ki, zərərdidələrin heç də hamısı milisə müraciət etmir, çünki ya onlara kömək göstəriləcəyinə ümid etmir, ya da rus dilini lazımınca bilmirlər.
Keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikalarından kəsbkarlığa gələnlər (qastarbayterlər) də tez-tez belə cinayətlərin qurbanı olurlar. Keçən il yeddi cavan Moskva yaxınlığında qastarbayterlərin yaşadıqları vaqonları yandırmış və nəticədə iki özbək ölmüşdür.
Hakimiyyət orqanları irqçilik zəminində quldurcasına basqınları adicə xuliqanlıq kimi qələmə verməyə çalışırlar. İrqçiliklə bağlı ittihamlar çox nadir hallarda irəli sürülür.
Ekspertlər bildirirlər ki, cinayət törədənlərin heç də hamısı aşağı sosial təbəqələrin nümayəndələri deyildir. Basqınçı qruplaşmalar çox yaxşı təşkil edilmiş və silahlanmışlar, pul alır və əmr üzrə fəaliyyət göstərirlər.