Rusiyanın Federal Xidmətinin nümayəndə heyəti Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub
Qəbələ, 24 may, Mustafa Dadaşov, AZƏRTAC
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Rusiyalı qonaqlar və AQTA-nın əməkdaşları Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Qonaqlara burada dövrü olaraq aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş etdirilən tarixi eksponatlarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə, həmçinin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar yaradılmış dahi şairin həyat və yaradıcılığına aid kitablardan, dövri mətbuatda dərc olunmuş məqalələrdən ibarət guşə ilə tanış olublar.
Səfərin sonunda rusiyalı qonaqlara Qoruqla bağlı məlumat kitabçaları və bukletlər hədiyyə olunub.