Rusiyanın “Kommersant” nəşri “ATƏT-in diplomatı”nı özündən uydurub
Bakı, 13 noyabr, Vüqar Seyidov, AZƏRTACRusiyanın “Kommersant” nəşri dünən Azərbaycanın suveren ərazisinin səmasında düşmənin hərbi helikopterinin rəşadətli Azərbaycan hərbçiləri tərəfindən məhv edilməsi ilə bağlı hadisəni şərh edərkən mediada çoxdan məlum olan bir üsula əl atıb: nəşrin redaksiyası öz mövqeyini guya Avropa İttifaqını, ATƏT-i, Avropa Şurasını və ya BMT-ni təmsil edən, uydurulmuş və təbii ki, adı çəkilməyən, “yüksək vəzifəli siyasətçi”nin adına çıxır, sonra isə sadəlövh oxucuya guya nüfuzlu bir şəxsin fikrini sırıyır.
“Qarabağ münaqişəsi uçuş zonasına daxil olub” sərlövhəli materialın (http://kommersant.ru/doc/2609013) müəllifləri kiminsə şəxsi fikri olan və bu səbəbdən heç kəsi maraqlandırmayan aşağıdakı mətni guya “ATƏT-də Cənubi Qafqaz problemləri üzrə ixtisaslaşan yüksək vəzifəli avropalı diplomat”dan sitat gətirirlər:
“Azərbaycan hərbçiləri və siyasətçiləri arasında sərt xəttin tərəfdarları az deyil, onlar Prezident İlham Əliyevi güc tətbiq etmək variantına sövq etməyə çalışırlar. Onlar ümid edirlər ki, Bakının silahlı qüvvələrin möhkəmləndirilməsinə yönəltdiyi milyardlarla neft dolları qüvvələr balansını dəyişməyə imkan verib və 1990-cı illərin əvvəlində müharibədə məğlubiyyətin əvəzini çıxmağa ümid etmək olar. Əgər döyüş əməliyyatları yenidən başlanarsa, onlar region üçün, o cümlədən Azərbaycanın neft sənayesi üçün daha dağıdıcı olacaq. Lakin çox ehtimal ki, yekunda hərbi məqsədlərə çatmaq mümkün olmayacaq. Nəticə isə Azərbaycanda sabitliyin pozulması ola bilər. Mənə belə gəlir ki, İlham Əliyev bunu başa düşür və o, təmas zonasında insidentlərin tammiqyaslı müharibəyə gətirib çıxarmasına yol vermədən, gərginliyi aradan qaldırmaq imkanı tapacaqdır”.
Əlbəttə, bu xəbərdarlığa və bizim strateji obyektlərin qeydinə qalmağınıza görə sağ olun, lakin Azərbaycan Prezidenti işğalçı ilə münasibətləri sizin məsləhətləriniz olmadan ayırd edər və düşmənlə necə rəftar etməyi qərara alar.