Rusiyanın Orenburq vilayətində Qələbənin 75 illiyi münasibətilə Azərbaycandan gətirilən Eldar şamı əkilib
Moskva, 6 may, AZƏRTAC
Azərbaycandan Rusiyanın Orenburq vilayətinə Eldar şamı tingləri gətirilib.
AZƏRTAC xəbər verir ki, Orenburq vilayəti hökuməti Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə vilayətin Buzuluk şəhərindəki parkda əkmək üçün Azərbaycandan 1000-dən çox Eldar şamı tinginin gətirilməsi barədə qərar verib. Tərtər rayonundan sifariş edilmiş 1000-dən çox Eldar şamı tingi yüklənmiş yük avtomobili 2200 kilometr məsafəni qət edərək Orenburqa gəlib. Orenburq hökumətinin nümayəndələri koronavirusla bağlı məhdudiyyətlərə baxmayaraq, tinglərin vaxtında vilayətə çatdırıldığını bildiriblər.
Təbiətə ziyan vurulmadan süni şəkildə yetişdirilmiş tinglər “Xatirə bağı” layihəsi çərçivəsində “Buzulukskiy bor” bağında əkilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva