RUSİYANIN REGİONLARI İLƏ AZƏRBAYCANIN MÜNASİBƏTLƏRİ MÖHKƏMLƏNİR
Çuvaşiya Prezidenti AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, danışıqlar səmərəli keçmişdir. Respublikanın başçısı bu günlərdə Çeboksarıda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılması faktını Azərbaycan və çuvaş xalqları mədəniyyətlərinin birliyi və qarşılıqlı surətdə zənginləşməsinin sübutu kimi qiymətləndirmişdir.
Avtomobil təmiri zavodunun direktoru Elşad Həsənovun başçılıq etdiyi Azərbaycan diasporundan danışan prezident vurğulamışdır ki, qədim çuvaş torpağında bütün millətlər, o cümlədən azərbaycanlılar sülh və həmrəylik şəraitində yaşayırlar.
Nikolay Fyodorov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında bu yaxınlarda keçirilmiş görüşləri yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycanın yeni Prezidenti İlham Əliyev xalqının ləyaqətli oğlu, cavan və perspektivli siyasətçidir.
Çuvaşiyaya səfərindən və respublika rəhbərliyi ilə görüşlərindən çox razı qaldığını bildirən səfir Ramiz Rizayev demişdir ki, Rusiya regionları ilə daha sıx əlaqələr yaradılması, habelə Rusiyadakı Azərbaycan diasporunun həyat və fəaliyyəti ilə bilavasitə tanış olmaq baxımından səfərimiz çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Çuvaşiyada azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır, burada heç bir problem yoxdur. Çuvaşiya rəhbərliyi də Azərbaycan diasporunun fəaliyyətindən razıdır. Deməli, Azərbaycan diasporunun nüfuzu artır və o, daha mütəşəkkil və yekdil olur. Biz bir neçə il ərzində bütün dünyada sözü keçən güclü diaspor təşkilatı yaradacağıq.
Səfər zamanı Çuvaşiyanın digər rəsmi şəxsləri və diasporun nümayəndələri ilə də görüşlər keçirilmişdir.