Ruslan Həmidov: Dünya dövlətləri Azərbaycana hörmətlə yanaşırlar
Tbilisi, 29 may, AZƏRTAC
Bu gün dünyanın 60-a yaxın ölkəsində Azərbaycanın Müstəqillik Günü qeyd olunur. Dost və qardaş Gürcüstanda bu bayram silsilə tədbirlərlə, Batumidə, Tbilisidə, eləcə də Gürcüstanın digər regionlarında təntənə ilə qeyd olunur. Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə Gürcüstanın yüksəkvəzifəli şəxsləri, nazirlər, din xadimləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər. Bu bir daha göstərir ki, dünya dövlətləri, onların təmsilçiləri Azərbaycana xüsusi hörmətlə yanaşırlar.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Gürcüstanda logistika sahəsində fəaliyyət göstərən iş adamı Ruslan Həmidov söyləyib.
Onun sözlərinə görə, Gürcüstandakı azərbaycanlı iş adamları təkcə iqtisadi sahədə fəaliyyət göstərmirlər.
“Onlar xalqımızın, dövlətimizin milli maraqlarının qorunması sahəsində də fəaldırlar. Biz həm milli bayramlarda, matəm və ya hüzn günlərində də bir yerdəyik. Bir sözlər dövlətimizin yanındayıq”, - deyə iş adamı qeyd edib.
R.Həmidov onu da deyib ki, azərbaycanlılar hər yerdə ölkəsi haqqında düşünürlər: “Eyni zamanda, onlar da Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edirlər. Şəxsən biz Gürcüstanda fəaliyyət göstərən iş adamları bu qayğını daim hiss edirik. Azərbaycanın Gürcüstandakı səfirliyi, Batumidəki Baş konsulluğu iş adamları ilə daim maraqlanır, onların qarşılaşdıqları problemlərin həllinə maksimum dərəcədə operativ reaksiya verir və həllinə nail olurlar”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi