Saatlıda altı minədək abonent smart-kart tipli sayğacla təchiz edilmişdir
Bakı, 17 may (AZƏRTAC). Saatlı Elektrik Şəbəkəsi müəssisəsinin 17 minə yaxın abonentındən təqribən 6 mini smart-kart tipli sayğacla təchiz edilmişdir. Yeni tip sayğaclar, əsasən rayon mərkəzində, həmçinin onun yaxınlığındakı Mustafabəyli, Bəylik və Qıraqlı kəndlərində quraşdırılmışdır. Nəticədə istehlak olunan elektrik enerjisinin həcmi xeyli azalmış və yeni sayğaclardan istifadə sərf olunan elektrik enerjisinin dəyərinin tam ödənilməsinə imkan vermişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, ötən il baş vermiş təbii fəlakət nəticəsində rayonun Dəllər, Musalı və Nərimankənd kəndlərini su basmış, burada 1200-dən artıq abonentə xidmət göstərən elektrik təsərrüfatına ciddi zərər dəymişdi. Sabirabad rayonu ilə həmsərhəd olan həmin ərazilərdə vəziyyətin normallaşdırılması məqsədi ilə 100-dən çox dayaq basdırılmış, naqillər çəkilmiş və transformatorlar işlək vəziyyətə gətirilmişdir.
Qeyd edək ki, 200-dən çox abonentə xidmət edən Əlsoltanlı, Soltanabad və Qaranuru kəndlərində şəbəkənin yenidən qurulmasına ehtiyac vardır. Bu kəndlərdəki evlər əsasən son 15-20 ildə tikilmiş və hər kəs elektrik təchizatını öz istədiyi qaydada və primitiv şəkildə qurmuşdur. Buna görə də sözügedən kəndlərdə müəssisənin daxili imkanları hesabına şəbəkələrin dayanıqlığının artırılması nəzərdə tutulur.