İDMAN
“Sabah”ın baş məşqçisi: Bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq
Bakı, 18 sentyabr, AZƏRTAC
“Fikrimcə, bir az zamana ehtiyacımız var. Buna baxmayaraq, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveçin “Norrçöpinq” klubuna 71:75 hesabı elə uduzduqları oyun barədə danışarkən deyib.
64 yaşlı mütəxəssis məğlubiyyətin səbəblərinə aydınlıq gətirib: “Rəqibin komplektləşmiş heyəti var. Komanda onurğa sütununu qoruyub. Bizdə isə demək olar ki, kollektiv yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün çox matç keçirməliyik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq. İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından “Norrçöpinq” daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın komanda üzvlərində yorğunluq var idi”.
O, komandasının FIBA Avropa Kubokundakı şanslarını da dəyərləndirib: “İrəliyə baxmalıyıq. Avropa Kubokunda mübarizəni davam etdirəcəyik. Bizim kimi Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar da burada iştirak edəcək. Bu isə turnirin səviyyəsindən xəbər verir. “Sabah” yeni komandadır. Bizim buralara gəlməyimiz artıq uğurdur. Artıq Avropa basketbol ailəsinin bir üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz”.