“Sabahın tədqiqatçıları” layihəsi çəçivəsində tülpan növləri tədqiq olunub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihədə iştirak edən Naxçıvan şəhərində yerləşən Naxçıvan Qızlar Liseyi XI sinif şagirdi Surə Cəfərova və elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayeva tərəfindən “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan tülpan növləri və onların bəzək əhəmiyyəti” mövzusunda tədqiqat işi aparılıb. Mövzuya uyğun olaraq hazırlanan məqalədə qeyd olunub ki, aparılan tədqiqatlar zamanı Naxçıvan Muxtar Respublikasında yayılan 8 tülpan növü öyrənilib. Bəzək bitkiləri olduğuna görə soğanaqları ilə birlikdə əhali tərəfindən toplanılır. Bunlardan “Qesner tülpanı”, “Yuliya tülpanı”, “Qarabağ tülpanı”, “İkiçiçək tülpan”, “Eixler tülpanı”, “Şimit tülpanı” Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ına daxil edilib. Bioresurslar İnstitutunun Nəbatat bağının nadir kolleksiyasında becərilir.
Tədqiqatlar nəticəsində məlum olub ki, tülpanın müxtəlif növləri Ordubad rayonunun Kotam, Kilit, Nüs-Nüs, Diyançay, Fəhlə dərəsi, Şahbuz rayonunun Kükü, Darvazaqaya, Dərəboğazı, Batabat, Culfa rayonunun Dəmirlidağ, Xəzinə dərəsi, Darıdağ, Bəyəhməd, Şərur rayonunun Qaraquş dağ, Tənənəm, Babək rayonunun Duzdağ, Buzqov ərazilərində və digər yerlərdə daşlı, çınqıllı, nisbətən az otlu sahələrdə və qayalı yamaclarda yayılıb.