SAHİBKARLAR ARASINDA BİZNES FORUMLARIN ƏHƏMİYYƏTİ BARƏDƏ SORĞU KEÇİRİLMİŞDİR
Azərbaycanın iş adamları ilə potensial sərmayədarlar arasında əməkdaşlığın yaranmasına xidmət edən biznes forumlarda ölkəmizin və xarici dövlətlərin yüzlərlə sahibkarı iştirak etmişdir.
2005-ci ilin nəticələrinə nəzər salmaq məqsədi ilə Fond respublikamızda və xaricdə keçirilən təqdimat mərasimlərinin iş adamları üçün nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirmək məqsədi ilə forum və təqdimatların iştirakçıları arasında sorğu keçirmişdir. Onun nəticələrinə görə sahibkarların 72 faizi bu forumlarda biznes üçün əhəmiyyətli əlaqələr yaratmışlar.
Sorğu iştirakçılarının 33 faizi forumlar nəticəsində müəssisənin potensialının artırılmasına xidmət edən yüksək texnoloji avadanlıq əldə etmişlər. Rəyi soruşulanların 24 faizi isə forumlar zamanı və bu tədbirlərdən sonra ticarət müqavilələri bağlamışlar.
Sorğu ilə bağlı alınan cavabların 6 faizində göstərilir ki, biznes forumlar xarici sərmayələrin cəlb olunmasına zəmin yaratmışdır.
Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondunun prezidenti Emil Məcidov demişdir ki, sorğu Fonda yalnız sahibkarların öz şirkətlərinin potensial sərmayədara və ticarət tərəfdaşına təqdim etmək imkanından necə yararlandığını müəyyən etməklə yanaşı, həmçinin, potensial fəaliyyət istiqamətlərini də aşkar etməyə imkan yaratmışdır.
Sorğu iştirakçılarına 2006-cı ildə hansı ölkədə təqdim olunmaq istədikləri barədə sual verilmişdir. Cavablar göstərmişdir ki, Azərbaycan biznesi ABŞ və Avropa İttifaqının ölkələri kimi dünya sənaye liderləri ilə yanaşı, həm də Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığa meyillidir.
Sorğunun nəticələrinə görə, Azərbaycan milli biznesinin nümayəndələri ABŞ, Almaniya, ərəb ölkələri, Fransa, Qazaxıstan, Yaponiya, Koreya Respublikası, Malayziya, Çin və Sinqapurdan sərmayədarlar və ya ticarət tərəfdaşı, habelə bazarlar axtarışındadırlar.
Fondun prezidentinin fikrincə, il ərzində görülən işləri müsbət qiymətləndirmək olar.
Gələn il Fond görülən tədbirlərin səviyyəsini yüksəltmək üzərində işləyəcəkdir. Forumların nəticələrinin izlənməsi istiqamətində də iş aparılacaqdır.