Şahin Diniyev: Yeni mövsümdə də iddialı komanda olmaq istəyirik
Bakı, 18 iyul, AZƏRTAC
“Ərzurum şəhərindəki təlim-məşq toplanışının faydasını görürük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Ərzurum şəhərində keçirilən hazırlıq prosesi barədə Türkiyə mətbuatına açıqlamasında deyib.
O, toplanış dövründə futbolçularından razı qaldığını bildirib: “Komanda yaxşı durumdadır. Hazırkı vəziyyəti yüksək səviyyəyə gətirmək üçün çalışırıq. Türkiyədəki hazırlıq oyunçuların fiziki durumuna da müsbət təsir edir”.
Ş. Diniyev komandanın yenidən qurulduğunu söyləyib: “Bu da baş məşqçi üçün bir az problemdir. Yeni sistem qurmalıyıq. Transferlərin komandaya uyğunlaşması çətinlik yaradır. Ancaq biz buna fikir vermirik və yeni mövsümdə də iddialı komanda olmaq istəyirik. Ötən il son turlara qədər avrokuboklara düşmək şanslarımız var idi. Bu dəfə təmkinimizi qoruyacağıq. Bu toplanışda futbolçularımın nəyə qadir olduqlarını gördüm”.
Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk oyununu səfərdə “Zirə”yə qarşı keçirəcək. Ölkə çempionatına avqustun 2-də start veriləcək.