“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri müəyyənləşib
Xırdalan, 16 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda “Şahin” hərbi-idman oyunu üzrə rayon biçinçiliyi keçirilib. Rayon icra hakimiyyətinin dəstəyi və rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda əsasnaməyə uyğun olaraq məktəblərin VIII-X sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yarış torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid, qəhrəman Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Yarışın yekun nəticəsinə əsasən Saray qəsəbə 3 nömrəli tam orta məktəbin komandası I yerə, Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası II yerə və Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalara Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Yarışın qalibi olan Saray qəsəbə 3 nömrəli tam orta məktəbinin komandası Sumqayıt şəhərində keçiriləcək zona biçinçiliyində Abşeron rayonunu təmsil etmək hüququ qazanıb.