“Şahin” hərbi-idman oyununun Balakən rayon turunda 24 komanda mübarizə aparıb
Balakən, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 14-də Balakəndə keçirilən rayon mərhələsinin yarışları Qazbinə kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Balakən rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil sektoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və Gənclər evinin birgə təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində keçirilən yarışda 24 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışın açılış mərasimində aidiyyəti qurumların nümayəndələri çıxış edərək, hərbi-idman oyununun məqsəd və vəzifələri barədə məlumat veriblər. Bildirilib ki, hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdən ibarətdir.
Sonra yarışlara start verilib. Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar intellektual, estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Qazbinə tam orta məktəbin komandası, eyni zamanda, Şəki şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb. Mahamalar kənd və Qabaqçöl qəsəbə tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.