İDMAN
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və İsveçrəyə qarşı
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gələcək.
Kapitanı Mixail Şereşevski olan qadın millisi isə İsveçrə ilə qarşılaşacaq.
Ötən gün İtaliyanın müvafiq komandaları ilə üz-üzə gələn hər iki yığmamız heç-heçəyə razılaşıb.
Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilə Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda 11 xalla 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.