SALYANDA MÜASİR OLİMPİYA İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Salyan Olimpiya İdman Kompleksinin təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri, Olimpiya oyunlarının, o cümlədən Pekin Olimpiadasının qalibləri və mükafatçıları, məşqçilər dövlətimizin başçısını sürəkli alqışlarla qarşıladılar.
10 hektar ərazidə yerləşən və müasir tələblərə cavab verən idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 yerlik mini futbol meydançası, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları da vardır. Kompleksdə yüngül atletika, akrobatika və bədii gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Ərazidəki üçmərtəbəli beşulduzlu mehmanxanada bar, restoran, inzibati mərkəz və böyük konfrans salonu yerləşir. Kompleksin ətrafında kotteclər də tikilmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, idman kompleksi, mehmanxana, yeməkxana və kotteclərə baxdı. Dövlətimizin başçısı futbol meydançası, üzgüçülük hovuzu, boks, güləş meydançaları, əl oyunları zalları ilə tanış oldu, görülən işləri yüksək qiymətləndirdi.
Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşə də vardır. Burada ulu öndərin və Prezident İlham Əliyevin idmana göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın idman həyatına dair yenilikləri, son illər idmançılarımızın qazandıqları uğurları əks etdirən fotoşəkillər toplanmışdır.
Sonra Olimpiya İdman Kompleksinin təntənəli açılışı oldu.
Azərbaycanın dövlət himni səsləndi.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Açılış mərasimi geniş konsert proqramı ilə başa çatdı.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




