Şamil Ayrım: Bu gün biz bir daha qarşımızda güclü Azərbaycan görürük
İstanbul, 27 sentyabr, AZƏRTAC
Ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən hücumlar beynəlxalq hüquqa və insanlığa ziddir. Beynəlxalq ictimaiyyət bir an əvvəl buna qarşı gəlməlidir. Hazırki vəziyyət Ermənistanın dinc əhaliyə ilk hücumu deyil. Bu vəziyyət bir neçə aydır davam edir. Lakin təxribatçı ermənilər Azərbaycan ordusunun gücünün və iradəsinin otuz il əvvəlki kimi olmadığını hesablamadılar. Hazırda Azərbaycan çox güclü və qüdrətli bir orduya sahibdir və Azərbaycan xalqı birlik və bərabərliklə güclü liderinin arxasındadır. Bu gün biz bir daha qarşımızda güclü Azərbaycan görürük. Edilən rəsmi açıqlamalarda da bu açıq və aydın şəkildə görünür ki, Türkiyə hər şəraitdə və bütün imkanları ilə hər zaman olduğu kimi, bu gün də qardaş Azərbaycanın yanındadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
O deyib: “Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman həm xalqın rifahını düzəldəcəyi, həm də beynəlxalq səviyyədə Qarabağ probleminin sülh yolu ilə həllinə nail olacağına dair söz vermişdi. Təəssüf ki, hazırkı vəziyyətə baxdıqda əvvəlcə martın 31-də pandemiya dövründə dünya ictimaiyyətinin buna qarşı olmasına baxmayaraq Qarabağda seçkilər, sonra isə seçilmiş “prezident”ə Şuşada andiçmə mərasimi keçirildi. Bununla ermənilər yaratdıqları qondarma dövləti dünyaya göstərmək istədilər. Sonradan Ermənistan Azərbaycanın Tovuz bölgəsinə hücumlar etdi. Bu hücumlar Türkiyə başda olmaqla demək olar ki, bütün dünyanın sərt reaksiyasına səbəb oldu. Ermənistan törətdiyi təxribatlarla yanaşı bölgədəki demoqrafik vəziyyəti də dəyişməyə, Suriyadan, Livandan və başqa bölgələrdən olan erməni əsilli bütün terrorçuları Azərbaycanın işğal edilmiş bölgələrinə yığmağa çalışır. Buna göz yummaq və ya səssiz qalmaq mümkün deyil.
Bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın beynəlxalq hüququ və normalarına, işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmasına dair əldə edilmiş qərarlara riayət etməsi üçün birləşmələrini gözləyirik. Dağlıq Qarabağ probleminin sülh yolu ilə çözülməsi, eyni zamanda, bölgədə sülhün və sabitliyin təminatıdır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul