Samuxda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Samux rayonunda Heydər Əliyev Mərkəzinin və təhsil şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, belə tədbirlər çərçivəsində Samux şəhərinin 1 və 2, Karayeri qəsəbəsinin isə 2 saylı orta məktəblərinin şagirdləri “Tariximiz Qan yaddaşımız!” adlı tamaşa və kompozisiyalar təqdim ediblər.
Anım tədbirləri ümumtəhsil məktəblərindən istedadlı şagirdlərin iştirakı ilə “Müstəqilliyimizin şəhidlik zirvəsi!” adlı rəsm müsabiqəsi ilə davam etdirilib.
“Azərbaycanın Qan yaddaşı” adlı konfransda çıxış edənlər isə bildiriblər ki, bu cür tədbirlərin keçirilməsi gənc nəslin tarixi yaddaşını möhkəmləndirir, Vətənin azadlığını və müstəqilliyini nəyin bahasına olursa-olsun qorumağı onların qarşısında müqəddəs borc kimi qoyur.
Tədbirə bədii hissə ilə yekun vurulub. İştirakçılara şagirdlərin hazırladıqları “Qanlı bənövşə” və “Əsgər anası” tamaşaları, həmçinin Qanlı Yanvara həsr olunmuş videoçarx təqdim olunub.