Samuxda 624 nəfərlik yeni məktəb binası inşa olunub
Samux, 21 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib.
Rayonun Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yeni tikilən təhsil müəssisəsi 624 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 24 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri, laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana və yeməkxana var. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri də çəkilib.
Bildirilib ki, şagirdlərin təlim-tərbiyəsi ilə 49 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq.
Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak ediblər.
Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.