CƏMİYYƏT
Saray qəsəbəsində həyətyanı sahədə aşkarlanan hərbi sursat ərazidən kənarlaşdırılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində həyətyanı sahədə qazıntı apararkən hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Bununla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 16 F-1 və 1 RQ-42 əl qumbarası, 16 UZRQM-2 partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.