Səbail rayonunda Xocalı faciəsinin 20-ci ildönümü anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilmişdir.
RİH-dən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən Səbail RİH-in başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlərin vacibliyindən danışmışdır. Bildirilmişdir ki, bu soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə faciəyə hüquqi-siyasi qiymət verilmiş, genişmiqyaslı işlər görülmüşdür. Dünyada misli görünməmiş Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində bu gün də bir çox tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.
A.Əsgərov Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminlik ifadə etmişdir.
Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri üzrə nümayəndəsi Xəlil Verdiyev və başqaları Xocalı soyqırımını dünyada misli görünməmiş faciə kimi dəyərləndirmişlər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı sakinlərinə RİH tərəfindən yardımlar göstərilmişdir.