Sədaqət Qəhrəmanova: Bu gün Azərbaycan qadınları ölkə həyatının bütün sahələrində fəal təmsil olunurlar
Qax, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda dövlət qadın siyasəti çox uğurla həyata keçirilir. Yerli özünüidarəetmədə qadın iştirakçılığının təmin olunması ilə bağlı Qaxda keçirdiyimiz bu konfrans da Azərbaycanda qadınların kişilərlə bərabər dövlətimizin, ölkəmizin inkişafındakı əhəmiyyətli rolundan bəhs edir. Gənc qızlarımızın, qadınların bələdiyyə strukturlarına seçilməsi, bələdiyyə sədrləri kimi fəaliyyət göstərmələri bizi çox qürurlandırır. Qadınların belə tədbirlərdə cəsarətlə öz fikirlərini bölüşməsi, gələcək perspektivlə bağlı düşüncələri gördüyümüz işlərin heç də əbəs olmadığını sübut edir. Bütün bunlar ölkəmizdə aparılan dövlət qadın siyasətinin bariz nümunəsi və nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaxda keçirilən “Yerli özünüidarəetmədə qadın iştirakçılığının gücləndirilməsi: fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova jurnalistlərə müsahibəsində bildirib.
Bu gün Azərbaycan qadınının ölkə həyatının hər bir sahəsində, hər bir strukturda fəal təmsil olunduğunu vurğulayan S.Qəhrəmanova deyib: “Müstəqil Azərbaycanda qadınlara yaradılan şərait, hüquqi bazada yeni qanunların işlənib qəbul olunması və həyata keçirilməsi bu sahədəki uğurlarımızın məntiqi nəticəsidir. İlk bələdiyyə seçkilərində qadın təmsilçiliyi cəmi 4 faiz təşkil edirdisə, aparılan məqsədyönlü işlər nəticəsində indi bu göstərici 35 faizə qədər yüksəlib”.