Səfər Qaraqoyunlu: Qarabağ Zəfəri ədalətsizliyə susanlara qarşı qazanılmış böyük bir qələbədir
İstanbul, 8 noyabr, Günel Karatepe, AZƏRTAC
Azərbaycan torpaqlarının iyirmi faizi təəssüf ki, dünyanın gözü qarşısında 30 il işğal altında qaldı. Bu işğal qarşısında insan haqlarından danışanların gözü kor, qulağı kar, vicdanları isə yox oldu. Qarabağ Zəfəri ədalətsizliyə və haqsızlığa susanlara qarşı qazanılmış böyük bir qələbədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.
O bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə və bütün Türk dünyası üçün mühüm bir hadisədir. Bu Zəfər Şuşa Bəyannaməsi ilə taclanaraq Türk Dünyasının böyük bir nailiyyətinə çevrildi.
“Zəngəzur dəhlizinin təməlini atan bu Zəfər Azərbaycan və Türk dünyası üçün ən mühüm hadisələrdən biridir.
Bir neçə ilə bu dəhlizin əhəmiyyəti daha da yaxşı anlaşılacaq. Zəngəzur dəhlizi bölgədə sülhün və sabitliyin əsasını qoyacaq. Şanlı Qarabağ Zəfərini bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Zəfərimiz mübarək” - deyə dərnək rəhbəri bildirib.