ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ 3-CÜ BEYNƏLXALQ KONFRANSA HAZIRLIQLA BAĞLI GÖRÜŞ KEÇİRİLMİŞDİR
Fondun icraçı direktoru Şahmar Mövsümovun da iştirak etdiyi görüşdə MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrupun Oslo konfransında təqdim edəcəyi hesabatın layihəsi müzakirə olunmuşdur. Hesabat layihəsi çərçivəsində iştirakçılar MHŞT-ə qoşulmuş ölkələrdə bu Təşəbbüsün tətbiqinin təsdiqi, MHŞT üzrə İdarə heyətinin yaradılması, onun Katibliyininin strukturu və yerləşəcəyi məkan məsələləri barədə müzakirələr aparmışlar.
Görüşdə ABŞ hökumətinin, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin, Fransa, Hollandiya və Norveç xarici işlər nazirliklərinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, bp, Şevron, Petrobras, Anqlo-Amerikan şirkətlərinin, habelə Global Witness və Açıq Cəmiyyət İnstitutu kimi beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
Oslo konfransında Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması məqsədi ilə yaradılacaq İdarə heyətinin formalaşması məsələsi müzakirə ediləcəkdir. İdarə heyətində MHŞT-ni tətbiq edən 5 ölkənin nümayəndəsinin, eləcə də Təşəbbüsü dəstəkləyən 3 ölkənin, 5 qeyri-hökumət təşkilatının, 5 hasilat sənayesi və 1 investisiya şirkətinin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulmuşdur. Konfransda Şəffaflıq Təşəbbüsünün tətbiqində lider ölkə olan Azərbaycanın İdarə heyətinə üzvlüyünün təsdiqi gözlənilir.
İdarə heyəti MHŞT-nin gələcək fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə yaradılacaqdır. Onun əsas funksiyaları MHŞT-nin ümumi inkişafına, strateji istiqamətinə, Təşəbbüsün tətbiqinin səmərəsinə nəzarəti təmin etmək və bu məsələlər üzrə tövsiyələr hazırlayaraq MHŞT üzrə növbəti beynəlxalq konfransa təqdim etməkdir.