Səfir: Ailə dəyərlərimizin qorunması strateji məsələdir

Bakı, 22 may, AZƏRTAC
“Müasirlik təhsilin artması, cəmiyyətin inkişafı, rifahın yüksəlməsi, orta təbəqənin güclənməsi və şəhərləşmənin sürətlənməsi ilə yanaşı, media və kommunikasiya imkanlarının genişlənməsi deməkdir. Bunlar, şübhəsiz ki, hər bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkənin əsas hədəflərindəndir. Ailə dəyərlərinin müasir dünyada qorunması məsələsi vacib və həssas mövzudur. 2025-ci il Türkiyə Respublikasında Prezidentimizin birbaşa təşəbbüsü ilə “Ailə ili” elan olunub və ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu təşəbbüs, eyni zamanda, ölkəmizdə də müvafiq istiqamətdə ictimai və akademik diqqətin artmasına səbəb olub”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün Bakıda keçirilən “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı səsləndirib.
Səfir qeyd edib ki, bu prosesin arxa planında baş verən sosial-mədəni dəyişikliklər, xüsusilə də ailə institutuna təsir edən mənfi tendensiyalar da mövcuddur: “Geniş ailə modelinin, ailə bağlarının zəifləməsi, uşaq sahibi olmanın maliyyəti və çətinliklərinin artması kimi hallar yalnız bizdə deyil, demək olar ki, bütün modernləşmiş cəmiyyətlərdə müşahidə olunur. Bunun nəticəsi olaraq isə azalan doğum səviyyələri, yaşlı əhalinin artması və cəmiyyətin özünü təbii şəkildə yeniləyə bilməməsi kimi demoqrafik çətinliklər meydana çıxır”.
“Pandemiya dövründə biz bir daha dərk etdik ki, sığınacağımız yeganə və sabit məkan ailədir. Bu çətin dönəmdə ailənin önəmi daha dərindən hiss olundu və bir daha sübut olundu ki, cəmiyyətin əsası ailə institutudur. Bu baxımdan, biz gənc nəslə təkcə akademik bilik verməklə kifayətlənmir, onların ailə dəyərlərinə bağlı, məsuliyyətli və sosial cəhətdən həssas fərdlər kimi yetişdirilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edirik. İnanırıq ki, ailə dəyərlərimizin qorunması həm milli, həm də insani baxımdan strateji bir məsələdir. Bu istiqamətdə atılan hər bir addım, gələcəyimizin daha sağlam, dayanıqlı və vəhdət içində olmasına xidmət edəcək”, - deyə səfir əlavə edib.