Səfir: Azərbaycanda gənclər kapoeyranı öyrənməklə kifayətlənmir, onun mənəvi dəyərlərini də mənimsəyirlər
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Kapoeyra Federasiyası ilə işləmək mənim üçün böyük şərəfdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib.
Onun sözlərinə görə, Azərbaycan kapoeyrası artıq mühüm ilham mənbəyinə çevrilib: ”Ölkədə gənclər yalnız bu idman növünü öyrənməklə kifayətlənmir, eyni zamanda onun mənəvi dəyərlərini də mənimsəyirlər. Azərbaycanda inklüziv kapoeyra modelinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Dünya Kapoeyra Federasiyasının prezidenti ilə birlikdə DOST mərkəzinə səfər zamanı yerli təlimatçıların kapoeyranı xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün uğurla uyğunlaşdırıldığına şahid olduq. Bu təşəbbüs inklüziv kapoeyranın dünyada ilk nümunələrindən biri hesab oluna bilər. Bununla həm sağlam, həm də xüsusi ehtiyacları olan şəxslər bu idman növündən faydalanmaq imkanı əldə edirlər”.
Səfir bildirib ki, kapoeyra rəqibi məğlub etmək və ya ona üstün gəlmək məqsədi daşımır: “Əksinə, bu idman növü qarşılıqlı əməkdaşlıq üzərində qurulub. İdmançılar bir-birini oyuna dəvət edir və qarşılıqlı inkişaf üçün birgə fəaliyyət göstərirlər. Kapoeyranın əsas mahiyyəti əməkdaşlıq, dostluq və birgə inkişafdır”.
Eyni zamanda qeyd olunub ki, kapoeyra gənclərdə yoldaşlıq ruhunu gücləndirir, intizamı formalaşdırır, sağlamlığı möhkəmləndirir və elastikliyi artırır. Bu xüsusiyyətlərin Azərbaycanın yeni nəslinin inkişafına müsbət təsir göstərdiyi bildirilib.