Səfir: Zəfər Günü xalqın birliyinin, iradəsinin və milli qürurunun təntənəsidir
Qahirə, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfirliyində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Pakistan və Şimali Kipr Türk Cümhuriyyətinin Omandakı səfirləri, bu ölkənin işgüzar dairələrinin təmsilçiləri, yerli media nümayəndələri, eləcə də burada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Ölkəmizin Omandakı səfiri Rəşad İsmayılov tədbirdə çıxış edərək, Zəfər Gününün Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Diplomat çıxışında, həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə məlumat verib. Qeyd olunub ki, Zəfər Günü yalnız Azərbaycanın hərbi Qələbəsinin deyil, həm də xalqın birliyi, iradəsi və milli qürurunun təntənəsidir.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib. Eyni zamanda, milli mətbəximizin ənənəvi təamları təqdim edilib.
Qonaqlar Azərbaycan xalqının Zəfər ruhunu və milli həmrəyliyini yüksək qiymətləndiriblər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə