Şəhid Elman Çıraqovun nəşinin qalıqları Şirvanda torpağa tapşırılıb VİDEO



Şirvan, 5 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Çıraqov Elman Almaz oğlu 32 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri olub. O, naməlum şəhid kimi Tərtər Şəhidlər xiyabanında dəfn olunmuşdu. Aprel ayında kimliyi məlum olan Elman Çıraqovun nəşinin qalıqları bu gün ata-baba yurdu Şirvan şəhərində torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elman Çıraqovun nəşi Şirvanda izdihamla qarşılanıb, ailəsinin yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi dəfn üçün Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhid Elman Çıraqovun nəşinin qalıqları torpağa tapşırılıb.
Qeyd edək ki, Çıraqov Elman Almaz oğlu 1971-ci ildə Şirvan şəhərində dünyaya göz açıb. Vətənin dar günündə könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci ildə Ağdərənin Çıldıran kəndi ərazisində gedən döyüşlər zamanı şəhid olub və Tərtər Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilib. Ötən müddət ərzində ailəsi onun haqqında hər hansısa məlumat ala bilməyib.
Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi bilinən 73 nəfərdən biri də Elman Çıraqov olub.