CƏMİYYƏT
Şəhid mayor Səyavuş Kəlbalıyevin ailəsi ziyarət edilib
![](/files/galleryphoto/2023/1/1200x630/16791242945494322961_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791242941685041262_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791242941861258058_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16791242942604310345_1200x630.jpg)
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova Bakının Sabunçu rayonunda şəhid mayor Səyavuş Kəlbalıyevin ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhid mayorun keçdiyi döyüş yolu və Vətən müharibəsində göstərdiyi igidlikdən bəhs olunub, onun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
İki övladı olan şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib və müvafiq sosial ödənişlər edilir. Onun ailəsinin bundan sonra da daim sosial dəstəklə əhatə olunacağı bildirilib.
2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə bitirən Səyavuş Kəlbalıyev Vətən müharibəsində kəşfiyyat rəisi olaraq döyüşlərə qoşulub. O, Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Səyavuş Kəlbalıyev "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.