REGİONLAR
Şəhid Şahid Məmmədov Şəkinin Orta Zəyzid kəndində dəfn olunub VİDEO
Şəki, 1 noyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhidlərimizdən biri də Şahid Sabir oğlu Məmmədovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailəsinin yaşadığı Şəki rayonunun Orta Zəyzid kəndində şəhidlə vida mərasimi keçirilib. 31 ildir övlad yolu gözləyən, oğlunu axtararkən daha dörd əzizini şəhid verən Kətaim ananın intizarına son verilib.
Vida mərasimində rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Şahid Məmmədov Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.
Üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşı Arif Məmmədova təqdim edilib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü ildə Şəkinin Orta Zəyzid kəndində anadan olub. Ailədə beş uşaq olublar. O, ailənin dördüncü övladıdır. Daxili Qoşunların hərbçisi olan Şahid Ağdərə istiqamətində döyüşlərin birində ağır yaralanıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Onun axtarışlarına atası Sabir, Vəhbi və Cahangir Məmmədovlar, eləcə də bacısının qayınatası Fərhad Kazımov çıxıblar. Şahidi tapmaq, onun barədə məlumat əldə etmək üçün günlərlə şəxsi maşınlarında yol gediblər. 1993-cü il fevral ayının 28-də atası Sabir kişinin, əmiləri Vəhbi və Cahangir Məmmədovların, eləcə də bacısının qayınatası Fərhad Kazımovun olduğu avtomobil Ağdam ərazisində ermənilərin basdırdığı minaya düşərək hamısı həlak olub.
Şəhid qardaşının xatirəsini yaşatmaq məqsədi ilə Arif Məmmədov oğluna Şahid adını verib. Gənc Şahid Sabirli hazırda hərbçi kimi xidmətdədir.