Şəhid və qazi övladlarının rəssamlıq bacarıqları inkişaf etdirilir
Sumqayıt, 28 dekabr, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında "Şuşa İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Birliyimiz həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib.
Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yazıçı-dramaturq Hafiz Ataxanlının moderatorluğu ilə keçən tədbirdə şəhid və qazi övladlarının rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə onların rənglədiyi ayrı-ayrı detallar qonaqların yanında kompozisiya kimi quraşdırılıb. Detalların birləşdirilməsi nəticəsində yaranan “Azərbaycan xəritəsi” ilə “Xarıbülbül” rəsmləri uşaqların özləri üçün də sürpriz olub.
Qonaqlar və təşkilatçılar istedadlı uşaqları təbrik edib, onlara hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.