Şəhidlər ölmür, bu Xiyaban isə müqəddəs ziyarətgahdır
Bakı, 20 yanvar (AZƏRTAC). Şəhidlər ölmür, bu Xiyaban isə müqəddəs ziyarətgahdır.
Bakıdakı klinikalardan birinin baş həkimi İman Tağıoğlu şəhidlərlə əlaqədar kədərini AZƏRTAC-ın müxbirinə müsahibəsində bu sözlərlə ifadə etmişdir. O demişdir ki, yanvarın 20-də Şəhidlər xiyabanına gəlməyi və şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməyi özünə borc bilir.
Şəhidlərin xatirəsi əbədiləşdirilmişdir. Onların məzarlarını ziyarət etmək bizim üçün mənəvi borca çevrilmişdir. Bu gün Şəhidlər xiyabanı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə canlarından keçmiş insanların əbədi uyuduğu müqəddəs məkandır.
Bu faciə bəşəriyyətin tarixində qara səhifədir. Milli azadlıq, öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, totalitar sovet rejiminin süqutu ərəfəsində kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması bu rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ilin Yanvar qırğını Azərbaycan xalqının iradəsini, onun milli azadlıq uğrunda mübarizə aparmaq əzmini qıra bilmədi.
O dəhşətli gecədə həlak olmuş Vətən oğulları Azərbaycanın tarixinə parlaq bir səhifə yazdılar.
Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi və hüquqi qiymət vermək, cinayətkarların adlarını çəkmək üçün məqsədyönlü iş aparmırdılar. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Qanlı Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilmiş, bu faciənin təqsirkarlarının adları çəkilmişdir.