ŞƏHİDLƏR ÖZ QANLARI İLƏ XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİNƏ YENİ SƏHİFƏ AÇMIŞLAR
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvarın 17-də icra hakimiyyətində şəhid ailələri və qanlı hadisədə əlil olan insanlarla görüş olmuşdur. İcra hakimiyyətinin başçısı Fidumə Hüseynova 20 Yanvar faciəsinə siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Prezident Heydər Əliyevin xidmətlərindən, habelə şəhid ailələrinə və qanlı hadisədə əlil olan şəxslərə göstərilən dövlət qayğısından danışmışdır. O bildirmişdir ki, 20 Yanvar şəhidləri, faciədə sağlamlığını itirmiş şəxslər, eləcə də qanlı hadisədə iştirak edən yüz minlərlə insan əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazmışlar.
Sonda rayonda yaşayan 15 şəhid ailəsinə və hadisə zamanı əlil olmuş 50 nəfərə maddi yardım göstərilmiş, onların evlərinə ərzaq bağlamaları göndərilmişdir.