QAN YADDAŞI
Şəhidlərimizin qanı və canı bahasına qazanılan müstəqilliyimizi qorumalıyıq
Bakı, 20 yanvar, AZƏRTAC
Ümumxalq Hüzn Günündə şəhidlərimizin əziz xatirəsini yad etməyi özümüzə borc bilirik. Bakıda törədilmiş 20 Yanvar faciəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu hadisəni törədənlərə dərin nifrətini bildirir.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən şəhər sakini Şaiq Süleymanov AZƏRTAC-a müsahibəsində deyib.
“Bu gün xalqımız azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini hər zaman böyük hörmət və ehtiramla yad edir, əziz tutur. Şəhidlərimizin qanı və canı bahasına qazanılan müstəqilliyimizi qorumalı, onu əbədi və dönməz etməliyik. Bu qanlı faciə bir daha göstərdi ki, xalqımız milli istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır. Şəhidlərin əziz xatirəsi ürəklərdə zaman-zaman yaşayacaq”, - deyə Ş.Süleymanov qeyd edib.