Şəhidlərin xatirəsinə ehtiram
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 12-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Məmnun Hüseyn Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.