Şəki Regional Ədliyyə Şöbəsində 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd olunmuşdur
Şəki, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Şəki Regional Ədliyyə Şöbəsində 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bölgə rayonlarının yerli ədliyyə orqanları rəhbərlərinin və şöbənin əməkdaşlarının iştirak etdikləri tədbirin əvvəlində Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri regional şöbənin rəisi Rəhman Məmmədov açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirmişdir. O müdhiş, faciəli gecədə qaniçən imperiya ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə xalqımıza qarşı qətliam həyata keçirdiyi, yüzlərlə soydaşımızın qətlə yetirildiyi, yaralandığı diqqətə çatdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin “Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların şəhid olması zamanı tökülən qan bizim xalqımızın qanıdır” sözlərini xatırladan R. Məmmədov 20 Yanvarın, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi günü olduğunu bildirmişdir.
Tədbirdə “20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsidir” mövzusunda məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Məruzə və çıxışlarda həmvətənlərimizin qanı bahasına əldə olunan, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılan və möhkəmləndirilən, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində günbəgün inkişaf edən müstəqil Azərbaycan Respublikamızın hər bir azərbaycanlının qürur mənbəyi və ən böyük milli sərvəti olduğu qeyd edilmişdir. Bu yolda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin heç vaxt unudulmayacağı xüsusi vurğulanmışdır.