Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında əməkdaşlığın yaradılması məsələsi müzakirə olunub
Varajdin, 24 avqust, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Varajdin şəhərinin meri İvan Çehokun dəvəti ilə avqustun 24-də bu şəhərdə səfərdə olub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, F.Qurbanov mer ilə görüşdə Azərbaycan-Xorvatiya münasibətlərindən danışıb, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, xüsusilə siyasi və iqtisadi sahədə uğurlu əməkdaşlığın olduğunu bildirib.
Görüşdə Azərbaycanın Şəki və Xorvatiyanın Varajdin şəhərləri arasında əməkdaşlığın yaradılması məsələsi müzakirə edilib.
Qeyd olunub ki, Varajdin və Şəki şəhərləri arasında tarixi-mədəni oxşarlıqlar var. Hər iki şəhərin toxuculuq sənayesi sahəsində qədim tarixi və zəngin təcrübəsi mövcuddur.
Mer İvan Çehok ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, iki şəhər arasında əməkdaşlığın yaradılması üçün bütün potensialın mövcud olduğunu bildirib.
Səfir Azərbaycan Respublikası və Xorvatiya Respublikası hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclasının protokolunda Varajdin Texnologiya Parkı ilə əməkdaşlığın yaradılması haqqında qərarı xatırladaraq, hər iki şəhər arasında əməkdaşlığın yaradılmasının ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.
Söhbət zamanı cari ilin noyabrında Varajdin şəhərində toxuculuq sənayesinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçiriləcək sərgiyə Şəki şəhərinin rəsmilərinin dəvət edilməsi haqqında razılıq əldə olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Varajdin