Şəki-Zaqatala bölgəsinin məktəbliləri “Zəfər” olimpiadasına hazırlaşırlar
Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika,coğrafiya və tarix fənləri üzrə “Zəfər” elm olimpiadası keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, olimpiadanın keçirilməsində məqsəd müzəffər Ordumuzun dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Vətən müharibəsində qazandığı şanlı Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən, istedadlı şagirdlərin aşkara çıxarılması, regionda fənn olimpiadalarına marağın artırılmasından ibarətdir.
Onlayn formatda keçiriləcək olimpiadanın birinci mərhələsi oktyabrın 28-də, ikinci mərhələsi isə noyabrda təşkil olunacaq. Hər iki mərhələdə şagirdlərə 25 test sualının cavablandırılması üçün 2 saat vaxt ayrılacaq.
Olimpiadanın yekununa əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.